Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ermənilərin mədəni irsə qarşı törətdiyi vandallıq aktlarına dair sübutlar kifayət qədərdir. Bu ərazilərə səfər edən diplomatik korpus nümayəndələri, eyni zamanda xarici jurnalistlər də bu faktların şahidi olub. O da məlumdur ki, çoxkonfessiyalı və tolerant ölkə olan Azərbaycan azad edilmiş ərazilərdə təkcə müsəlmanlara deyil, həm də xristianlara və digər dinlərə məxsus abidələri də bərpa etmək niyyətindədir.
Bu fikirləri hafta.az-a açıqlamasında millət vəkili Könül Nurullayeva sasləndirib.
Onun sözlərinə görə, məlumdur ki, işğal dövründə bir neçə dəfə faktaraşdırıcı missiyasının sırf mədəni-dini abidələrin vəziyyətilə bağlı apardıqları monitorinqin nəticələrinə dair hazırlanan hesabatlar obyektiv olmayıb:
"Bu gün isə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsilə həm də bu faktların daha qabarıq və açıq formada təqdim olunması üçün imkan yaranıb. Lakin İSESCO istisna olmaqla aidiyyatı beynəlxalq təşkilatlar məsələyə laqeyd yanaşmaqda davam edir. Prezident İlham Əliyev bütün çıxışlarında dünyanın diqqətini mədəni irsə qarşı həyat keçirilən terror aktlarına yönəldir. Dünya KİV-ləri işğal dövründə ermənilərin törətdiyi vandallıq və terror aktlarını video və fotofaktlarla təqdim edir. Azərbaycan hətta faktları yerində təqdim etməyə hazırdır. Yəni, obyektiv araşdırma üçün heç vaxt olmadığı qədər tarixi şans yetişib. Lakin təəssüflə qeyd etməliyik ki, beynəlxalq təşkilatlar məsələyə susqunluq və laqeyd münasibəti davam etdirirlər. Halbuki söhbət 1-2 abidədən getmir. İşğaldan azad edilmiş rayonlarda yaşayış evləri və inzibati binalarla yanaşı, 700 tarixi-mədəni abidə, 927 kitabxana, 800 mədəniyyət mərkəzi, 85 musiqi və incəsənət məktəbi, ümumilikdə 22 muzey məhv edilib və ya yararsız hala salınıb.
Artıq monitorinq aparılacaq ərazilər bəzi beynəlxalq qurumların iddia etdiyi kimi “mübahisəli ərazilər” yox, Azərbaycanın BMT səviyyəsində tanınan əraziləridir
Regiondakı dini abidələrin dağıdılması ayrıca bir mövzudur. Çünki burada həm də təhqir və saxlaşadırma faktları var. Məscidlər tövlə məqsədi ilə istifadə olunub və ya təmir adı ilə saxtalaşdırmaya məruz qalıb. Alban kilsələrinin hamısı saxtalaşdırılıb. Məsələ burasındadır ki, bu saxtalaşdırma faktları o qədər aşkar və üzdədir ki, onların dərin araşdırılmasına da ehtiyac yoxdur. Sadəcə, monitorinq aparmaq kifayətdir. Üstəlik, bəzi beynəlxalq qurumların təbirincə desək, “siyasiləşdirmə”dən də söhbət getmir. Çünki artıq münaqişə başa çatıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Artıq monitorinq aparılacaq ərazilər bəzi beynəlxalq qurumların iddia etdiyi kimi “mübahisəli ərazilər” yox, Azərbaycanın BMT səviyyəsində tanınan əraziləridir. Yəni, obyektiv araşdırma aparmağa, faktların təftiş və təqdim edilməsinə mane olacaq heç bir tutarlı arqument yoxdur. Amma prosesə mane olan yenə də ikili standartlar siyasətidir ki, elə bu yanaşma ucbatından Cənubi Qafqaz regionunda 30 ilə yaxın müddətdə “status-kvo” dəyişməz qalırdı, bölgədə sülh və təhlükəsizliyin təmin olunması mümkün deyildi. Azərbaycan iradə nümayiş etdirərək, bölgədə sülh və təhlükəsizliyi təmin etdi. İndi beynəlxalq təşkilatların və dünya birliyinin də iradə sərgiləməsinə ehtiyac var.